Əmək Məcəlləsinin 64-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 mart 2000-ci il tarixli, 38 nömrəli qərarı ilə iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarına əsasən, iş yerlərinin attestasiyası ilə bağlı vacib məqamlar aşağıdakılardır:
- Attestasiyanın keçirilməsi müddəti 5 ildə bir dəfədən az olmamaqla, əməyin xarakterinin və şəraitinin dəyişməsindən asılı olaraq müəssisənin özü tərəfindən müəyyən olunur;
- Müəssisədə mövcud olan bütün iş yerləri attestasiyadan keçməlidir;
- Müəssisənin attestasiya komissiyasının işinin nəticələri əmək şəraiti üzrə iş yerlərinin attestasiya protokolu ilə rəsmiləşdirilir;
- İş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir və eyni zamanda iş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz.
Qaydalara əsasən, əmək şəraiti üzrə iş yerlərinin attestasiyasında məqsəd birbaşa işçinin əmək şəraitinin yaxşılaşdırılmasına xidmətdir. Belə ki, attestasiyasının keçirilməsində məqsədlərdən biri də əmək şəraiti təhlükəli və zərərli olan işlərdə və ağır işlərdə məşğul olan işçilərə güzəştlərin və kompensasiyaların verilməsini əsaslandırmaqdır. Həmçinin, işçilərin sağlamlığını və həyatını bilavasitə təhlükə altına qoyan məkanın, sahənin, istehsalat avadanlıqlarının istismarının dayandırılması və texnologiyanın dəyişdirilməsi məsələsinə baxılmasıdır.
Bundan əlavə, əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticəsi olaraq, əməyin mühafizəsi haqqında qanunvericiliyin pozulması ilə əlaqədar olaraq təqsirkar vəzifəli şəxslərə inzibati-iqtisadi sanksiyaların tətbiq edilməsi də məqsədlərdən biridir.
Qeyd etmək lazımdır ki, İnzibati Xətalar Məcəlləsinin 192.2-ci maddəsinə əsasən, işəgötürən tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə yeddi yüz (700) manatdan min iki yüz (1200) manatadək məbləğdə cərimə edilir.
READ MORE